22.02.2017

Təhsil naziri Mikayıl Cabbarov Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub.

Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türk Şurasının Baş katibi Ramil Həsənov, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış edib.

Mikayıl Cabbarov çıxışı zamanı Xocalıda ermənilər tərəfindən törədilmiş kütləvi qırğın, Azərbaycana qarşı həyata keçirilmiş cinayət və təcavüz, onun nəticələri haqqında məlumat verib, bu soyqırımın xalqımıza qarşı aparılan təcavüz, işğal və etnik təmizləmə siyasətinin aydın nümayişi olduğunu vurğulayıb. Təhsil naziri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına, tarixi ədalətin bərpa edilməsinə və cinayətkarların ifşa olunmasına nail olmaqda təhsilin xüsusi rolunu qeyd edib, çıxışını Xocalıda və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirmiş şəhidlərimizə rəhmət diləyərək yekunlaşdırıb.

 


Açar sözlər: