07.03.2018

" Səni kim unudar..." adlı ədəbi- bədii gecə keçirilib

XX əsr Azərbaycan poeziyasında özünəməxsus dəsti-xətti ilə seçilən, yazdığı əsərləri ilə müasirlərinə nümunə olan sənətkarlardan biri M.Müşfiqdir.
Müşfiqi bütün nəsillərə sevdirən onun ürəkdən gəlmiş səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi , vətəndaşlığı, cazibə qüvvəsi ilə oxucuları ehtizaza gətirməsidir.Onun lirikası romantizmlə realizmin vəhdətindən yaranıb, son dərəcə incə, zərif duyğulardan rövnəqlənir, daima qələminini püxtələşdirmək uğrunda mübarizə aparan, axtarışda olan sənətkardır. 
                Şair özü poeziyasını varlığın döyünən ürəyi adlandırIb. M.Müşfiq Azərbaycan ədəbiyyatının nəğməkar şairidir. Onun zəngin ədəbi irsi bu gün də öz aktuallığını, bədii təravətini qoruyub saxlayır. 
M.Müşfiqin şeirlərində real həyatın özü var. O, insanın mənəvi dünyasını , eləcə də təbiət gözəlliklərinin mahir bir rəssam kimi bədii təsvirini yarada bilmişdir.Müşfiqin bənzərsiz lirikasının, məhəbbət dünyasının mayası səmimiyyətdən yoğrulub.Böyük mətləbləri sadə, axıcı, rəvan bir dillə, poetik yolla oxuculara çatdirması, onun yüksək istedadından xəbər verir. Müşfiq nə qədər sadə və gözəl şəxsiyyətdirsə, şeirləri də bir o qədər sadə və gözəldir.Bu gözəlliklər vəhdət təşkil edib bir- birini tamamlayanda, onun nəticəsi də gözəl olur.2018-ci il həm M.Müşfiqin faciəli ölümünün 80 illiyi, həm də doğum tarixinin 110 illiyidir.
                Martın  6-da  Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə M.Müşfiqin xatirəsinə həsr olunmuş " Səni kim unudar..." adlı ədəbi- bədii gecə keçirildi.Tədbirdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri V.Həsənova, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi R.Mustafayev, müəllim kollektivi və şagirdlər iştirak ediblər. 
                Tədbiri giriş sözü ilə məktəbin direktor müavini R.İslamova açdı.Sonra şagirdlərin ifasında M.Müşfiqin əsərlərindən nümunələr, həyatını əks etdirən video lentlər, səhnəciklər göstərilib. 8-ci sinif şagirdi Məxmər Əliyevanın ifasında  M.Müşfiqin əsərlərinə bəstələnən nəğmələr səsləndirildi. IX sinif şagirdləri Rəhim Haqverdiyev və Röyalə  Alışzadənin   M.Müşfiqin həyat və yaradıcılığından təsirlənərək qələmə aldıqları şeirləri  dinlənilib.
                Sonda məktəbin direktoru Minə Fətəliyeva çıxış edərək öz fikirlərini söyləyib. Məktəbin direktoru sözü öz təəssüratlarını bölüşmək üçün Təhsil Şöbəsinin müdiri V.Həsənovaya verib. 
Validə xanım şagirdlərin bədii qiraətini çox bəyəndiyini, hətta ingilis dilində hazırlanan səhnəciyi                            ( Şəngülüm, Şüngülüm, Məngülüm) xüsusi qeyd edib. Görkəmli sənətkarların həyat və yaradıcılığını əks etdirən ədəbi- bədii gecələrin davamlı olaraq keçirilməsini məsləhət görüb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi şagirdlərin mənəvi- estetik zövqünün formalaşmasına , onların intellektual səviyyəsinin və dünyagörüşünün yüksəlməsində böyük rol oynayır. 
                M.Müşfiq yaradıcılığının tədqiqatçısı G.Hüseynoğlunun sözləri ilə desək "... Əgər Müşfiq olmasaydı , bu ədəbiyyatda onun yeri güllə yarası kimi boş və ağrılı olacaqdı."


Açar sözlər: ,  ,