13.03.2018

Martın 13-də Cəbrayıl rayon Süleymanlı kənd tam orta məktəbində "Erkən nikaha yox deyək" mövzusunda dəyirmi masa keçirilib. 

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. Bu yaşda uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Gənc qızlar ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin, yenə də mentalitet dediyimiz adət-ənənələr hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə, könülsüz ailə qurulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Martın 13-də Cəbrayıl rayon Süleymanlı kənd tam orta məktəbində "Erkən nikaha yox deyək" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Məmmədova, psixoloq E.İmaməliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi L.Allahverdiyeva və məktəbin yuxarı sinif  şagirdləri iştirak ediblər. Keçirilən müzakirədə şagirdlərə erkən nikah haqqında ümumi məlumat və törətdiyi fəsadlar, bu tipli nikahların tez pozulması, xəstə uşaqların dünyaya gəlmə ehtimalının yüksək olması, məişət zorakılığı və digər fiziki-psixoloji cətinliklər barədə məlumatlar verilib. Tədbirdə həmçinin videoçarx nümayiş olunub.