14.09.2018

“Gələcəyini kodlaşdır” Layihəsinin yekunlarına dair tədbir keçirilib  

İkt üzrə İntensiv Tədris Düşərgəsində iştirak etmək istəyən şagirdlərin sənəd qəbulu 14-29 avqust 2018-ci il tarixləri arasında aparılmışdir. Proqramda iştirak etmək və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmanın əsaslarını öyrənmək üçün 322 şagird müraciət etmiş, 03 sentyabr 2018-ci il tarixində keçirilən sinaq testindən uğurla keçən 45 şagird 5-14 sentyabr 2018-ci il tarixləri arasında 10 günlük sürətləndirilmiş Tədris Düşərgəsində  təlimlərə cəlb edilmişdir.

14 sentyabr 2018-ci il tarixdə 7 saylı qəsəbə klubunda layihənin yekunları ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamladı,  ölkəmizdə təhsilin inkişafına yüksək dövlət qayğısı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktəblilərin İKT üzrə müasir biliklərə yiyələnməsinin zəruriliyi məsələsinə böyük diqqət yetirdiyini vurğulayaraq, maarifçi gənclərin təşəbbüsünü yüksək dəyərləndirdi və onlara təşəkkürünü bildirdi. Qeyd etdi ki, “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin yaradılması təqdirəlayiq hadisədir. Texnologiyanın inkişaf etdiyi dövrdə bir qrup cəbrayıllı məktəblinin İKT və proqramlaşdırma üzrə yiyələndiyi biliklər onların gələcək təhsili və iş fəaliyyəti üçün çox faydalı olacaq.

Bu cür layihələrin şagirdlərin dünya görüşünün formalaşmasında mühüm rol oynadığını bildirən RİH başçısı layihə çərçivəsində ilk tədbirin məhz Cəbrayıl rayonunda təşkil edildiyi üçün təşkilatçılara minnətdarlığını bildirdi.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qeyd etdi ki, Ermənistanın təcavüzü və işğal siyasəti nəticəsində bir milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasını tərk etmək və köçkün həyatının ağır məhrumiyyətlərini yaşamaq məcburiyyətində qalıb. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra məcburi köçkün soydaşlarımız dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial problemlərinin həllini dövlətimiz daim diqqət mərkəzində saxlayıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin də sosial siyasətinin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı layihələrin icrasını nəzarətdə saxlayır.

Tədbirdə “Code for future” təşəbbüsünün həmtəsisçisi Xalisə Şahverdiyeva, “Code for future” təşəbbüsünün həmtəsisçisi, BMT-nin Azərbaycan Nümayəndəliyinin Əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayeva və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Mişel Petersen çıxış ediblər.

Daha sonra təşkilatçılar tərəfindən təlimlərdə iştirak etmiş hər bir şagirdə sertefikat , müsabiqə qaliblərinə isə hədiyyələr verildi.