27.12.2018

"Azərbaycan Xalq Cümhüriyyəti -100"

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli Respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni  yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən “İstiqlal bəyannaməsi” qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan,ictimai fikir baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Artıq bu tarixdən 100 il keçir.

            Tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin mayında imzaladığı sərancama əsasən 2018-ci il respublikamızda “Cümhuriyyət ili” elan edilmişdir. Bu qərar tariximizin, ənənələrimizin öyrənilməsi və təbliğ olunması, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edir. Xalqımızın milli yaddaşında 5 min illik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Cəmi 23 ay yaşasa da Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. AXC sübut etdi ki, ən qəddar müstəmləkə və represiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Ruhu azad olan bir xalqı heç kəs köləliyə məcbur edə bilməz. Müstəqilliyini ikinci dəfə qazanan dövlətimiz  yenidən daxili və xarici  düşmənlərin  təzyiqlərinə məruz qaldı, müstəqilliyini təkrarən itirmək təhlükəsi ilə üzləşdi. Bu vaxt xalqımızın xilaskarı,Ümummilli  Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı, öz tarixi şah əsərini  “Müstəqil Azərbaycanı”  yaratdı, möhkəmləndirdi  və inkişaf etdirdi. Hazırda hörmətli prezidentimiz  İ.Əliyev cənablarının  rəhbərliyi ilə dövlətimiz daha da inkişaf edərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir.            

            16 aprel-05 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublikanın işğal altında olan Ağdam, Xocalı, Cəbrayıl, Füzuli, Qubadlı, Laçın, Zəngilan, Xocavənd, Kəlbəcər, Şuşa şəhər məktəblərinin VII-IX sinif şagirdləri arasında “Keçmişimiz, bugünümüz, gələcəyimiz!” mövzusunda keçirilən breyn-rinq intellektual bilik yarışmasında Qovşudlu kənd tam orta məktəbinin komandası iştirak etmişdir.

            K. Məmmədov  adına B. Mərcanlı kənd tam orta   məktəbinin direktoru Nuriyyə Ağayeva  21-23 may tarixlərində AXC-nin 100 illik yubileyi ilə əlaqədar Bakı Dövlət Universitetində “Müsəlman Şərqində ilk parlamentli Respublika“–mövzusunda keçirilən Beynəlxalq-elmi konfransın iştirakçısı olmuş, konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində kadr siyasəti“–mövzusunda elmi məruzə ilə çıxış etmiş, Sertifikatla təltif edilmişdir. Məruzənin tezisləri Bakı Dövlət Universitetinin nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti “ adlı xüsusi topluda, məruzə isə Bakı Dövlət Universitetinin Azərbaycan, rus və ingilis dillərində nəşr olunan “Tarix və onun problemləri “  nəzəri-elmi metodik jurnalın xüsusi  buraxılışında  dərc edilmişdir.

Hovuslu kənd tam orta məktəbinin direktoru M. Səfərov və məktəbin iki ən yaxşı şagirdi 25-may 2018-ci il tarixində H .Əliyev adına İdman kompleksində Bakı Şəhər Baş Təhsil İdarəsinin  AXC-nin 100 illik yubileyi münasibəti ilə təşkil etdiyi bayram konsertində iştirak etmişdir.

24 may 2018-ci il tarixdə  C. Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbində geniş formatda hazırlanmış  “Bir kərə yüksələn bayraq bir daha enməz..” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Cəbrayıl Təhsil Şöbəsinin müdiri  V.Həsənova, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi R.Mustafayev, Həmkarlar Şurasının sədri A.Babayev , məktəb pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.

Tədbirlər Planına müvafiq olaraq  Mingəçevir şəhərində  fəaliyyət göstərən 18 saylı tam orta məktəbinin şagirdləri Mingəçevir şəhərindəki  H. Əliyev mərkəzi və tarix müzeyinə, Akademik Ə.Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbinin şagirdləri  “İstiqlal”  və  “Azərbaycan tarixi”  müzeyinə, V. Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin şagirdləri Azərbaycan tarixi muzeyinə, Çullu kənd tam orta məktəbinin  şagirdləri  Suraxanı rayonu ərazisindəki Atəşgah məbədinə, ”Şirvahşahlar  sarayı” və “Qız Qalası”na, 23 saylı tam orta məktəbinin şagirdləri  Qobustan  dövlət tarixi–bədii  qoruğuna ”Şirvahşahlar  sarayı” və “Qız Qalası”na, 3 saylı tam orta məktəbinin şagirdləri “İstiqlal” və “Azərbaycan tarixi” müzeyinə ekskursiyaya getmişlər.       

R.Xudiyev adına Minbaşılı kənd və 8 saylı  tam orta məktəbinin  şagirdləri “28 may–Respublika günü“ ilə əlaqədar B. Mərcanlı Uşaq İncəsənət Musiqi məktəbi şagirdləri ilə birgə konsert və ədəbi–bədii kompozisiya hazırlamışlar. Konsertdə hər iki məktəbin müəllim və şagird kollektivi, valideynlər, qəsəbə sakinləri, habelə, Cəbrayıl rayon İHB–nın müavini  F. İbayeva, rayon TŞ-nin nümayəndələri, məktəb direktorları iştirak etmişlər. Tədbirdə  şagirdlərin ifasında  şerlər və mahnılar  ifa  edilmişdir.

            R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin  şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi  10–17 yaşlılar arasında olan uşaq və gənclərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi iştirak etmişlər.

            Noyabr dekabr aylarında ümumtəhsil məktəblərində yekun tədbirlər keçirilib.