11.01.2019

“ Əbədiyyətə qovuşan ömür ”

                Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində Milli Qəhrəman Kazım Məmmədovun xatirəsinə həsr edimiş  "Əbədiyyətə qovuşan ömür "  adlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq  Qurbanov, müdir müavini Aydın Bəyişov, təhsil şöbəsinin əməkdaşları Rövşən  Mustafayev,Salamullah Əhmədov, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri Vilayət Cabbarov, Hüseyn Sadıqov, " Xudafərin " qəzetinin  baş redaktoru Şakir Albalıyev , Milli Qəhrəmanın anası Dursun Məmmədova , şəhidin qardaşı Bəşir Məmmədov, bacıları və digər yaxın qohumları, məktəb kollektivi , valideynlər və media  nümayəndələri iştirak ediblər.

                Məktəbin direktoru Nuriyyə Ağayeva qonaqları salamlayıb və tədbiri açıq elan edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Kazım Məmmədov və onun timsalında  vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında doğma Azərbaycanımızı, cənnət Qarabağımızı tərənnüm edən şeir və mahnılar səslənib, Milli Qəhrəmanın keçdiyi qısa və şərəfli ömür yolundan danışıldı, onun həyatını,döyüş yolunu əks etdirən slaydlar, səhnəciklər nümayiş etdirilib.

                Tədbirdən sonra çıxış üçün söz qonaqlara verilib. Milli Qəhrəman Kazım Məmmədovun anası Dursun Məmmədova oğlunun xatirəsinə göstərilən ehtirama görə məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirib. “Heç bir anaya oğul dağı arzu etmirəm,  amma  siz ki, onu belə yad edirsiniz  mən elə bilirəm  Kazımı itirməmişəm, o elə sizin yanınızda, aranızdadır...” deyə qeyd edib.

Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov Milli Qəhrəman Kazım Məmmədovun həyat yolunun  rayonun məktəblərində təhsil alan bütün şagirdlər üçün nümunə olduğunu və belə bir oğul tərbiyə etdiyi üçün Dursun anaya  minnətdarlığını bildirib. Bəşir Məmmədov  da qardaşının xatirəsinin məktəbdə  anılmasını yüksək qiymətləndirib və  tədbiri hazırlayanlara təşəkkür edib.

Sonda məktəbin direktoru Nuriyyə Ağayeva tədbirdə iştirak etdiyinə görə qonaqlara öz təşəkkürünü bildirib.