21.08.2021

Tədris planları təsdiq olunub    

Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr edirəm:

1. Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilsin:

1.1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);

1.2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);

1.3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).

2. Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsinlər.

3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

4. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri

20 avqust 2021-ci il
F-
415