15.09.2021

Gənc müəllimlərlə görüş

    Bu gün Cəbrayıl rayon ümumi təhsil məktəblərinə yeni qəbul olunmuş gənc müəllimlərlə distant(məsafədən) formada görüş keçirilib. Görüşdə çıxış edən Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov gənc müəllimləri 15 sentyabr-Bilik Günü və yeni işə qəbul olunmaları münasibəti ilə təbrik etdi, onlara tutduqları çətin və şərəfli yolda uğurlar arzuladı. O, qeyd etdi ki, cəmiyyətin həyatında müəllimin xüsusi rolu vardır və buna görə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Görüşdə Cəbrayıl Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, dərin təcrübəyə malik pedaqoq Ağabala Əliyev, “Tərəqqi” medallı müəllim, Qabaqcıl təhsil işçisi Əbülfət Xankişiyev, Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin direktoru, “Tərəqqi” medallı Şəlalə Qasımlı və digərləri də çıxış edərək gənc müəllimlərə öz dəyərli tövsiyələrini verdilər.

Çıxış edən gənc müəllim Səmayə Cəfərova(10 nömrəli tam orta məktəb) gələcəkdə Cəbrayılda dərs deyəcəyi zaman şagirdlərinə həmin ərazilərin necə qəhrəmanlıqla azad olunduğunu izah etməyin sevincini indidən yaşadığını kövrələrək qeyd etdi.

    Digər çıxış edənlər - Zəhra Yusifova(Dəmşalaq kənd tam orta məktəbi), Lena Əliyeva(14 nömrəli tam orta məktəb), Nahidə Xasıyeva(Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbi) və digərləri təhsil şöbəsinin rəhbərinə minnətdarlıqlarını bildirdilər və gənc müəllim kimi fəaliyyətlərinə məhz Cəbrayıl rayonunda başlamaqdan məmnun olduqlarını ifadə etdilər.