27.09.2021

Cocuq Mərcanlıda görüş

                   Sentyabrın 25-də Cəbrayıl Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlarla görüş keçirilib. Kənd klubunda keçirlən görüş torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov yenicə tələbə adını qazanan məzunları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb, respublikamızın həyatının bu vacib dönəmində tələbə adını qazanmağın xüsusilə qürurverici olduğunu qeyd edib, onların gələcəkdə savadlı bir mütəxəssis olaraq dövlətçiliyimizin daha da mökmlənməsi yolunda yorulmadan çalışacaqlarına əminliyini vurğulayıb. Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov da öz növbəsində məzunları təbrik edib, onlara öz dəyərli tövsiyələrini verib. Tədbirdə direktorlar adından Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbinin direktoru Ələkbər İsmayılov, məzunlar adından Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu , hazırda Tibb Universitetinin tələbəsi olan Kamil Əfəndiyev çıxış edərək rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.

                   Tədbir iştirakçıları daha sonra kəndin görməli yerlərində oldular, parkda çay süfrəsi arxasında toplaşaraq səmimi söhbət etdilər, xatirə şəkili çəkdirdilər.