23.11.2021

"Zəfər Yolu" adlı intellektual yarış keçirilib

    Noyabrın 18-də Biləsuvar rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon ümumi təhsil məktəblərinin şagirdləri arasında “Zəfər Yolu” adlı intellektual yarış keçirilib. Yarışın açılış mərasimində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının müavini Tapdıq Nəsirov, Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov iştirak ediblər.

    Tədbirə Dövlət himninin oxunması ilə başlanılıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən deputat C. Məmmədov şagirdləri qələbə münasibəti ilə təbrik edib və yarışda uğurlar arzulayıb. Zəfər Yolunun 20 yaşayış məntəqəsindən keçdiyini nəzərə alaraq şagirdlərə 20 sual təqdim edilib. Bu yolun Füzuli rayonunun Əhmədbəyli kəndindən başlanıb Şuşa şəhərində bitməsinə görə birinci sualın cavabı “Əhmədbəyli kəndi”, 19-cu sualın cavabı “Daşaltı kəndi”, 20-ci sualın cavabı isə “Şuşa şəhəri” olub.

    Gərgin və maraqlı keçən yarışda birinci yeri Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin “Xudafərin” komandası, ikinci yeri İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin “4 Oktyabr” komandası, üçüncü yeri isə 15 nömrəli tam orta məktəbin “Qarabağ” komandası tutub. Qalibləri təbrik edən Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Z. Qurbanov onlara fəxri fərman və hədiyyələr təqdim edib.